Mərakeşdə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium təşkil edilib

Rabat, 26 dekabr, AZƏRTAC

Rabat şəhərində V Məhəmməd Universitetinin Ədəbiyyat və Humanitar Elmləri Fakültəsində "İnsanlıq şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” mövzusunda elmi simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi, V Məhəmməd Universiteti və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə mərakeşli yazıçılar və ədəbiyyatşünaslar, ictimai xadimlər, tələbələr və jurnalistlər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək ölkəmizin İslam dünyası ilə tarixi əlaqələrindən söz açıb, Orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında müstəsna xidmətləri olan Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlər və dahi şairlərin ümumbəşər ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

Dahi Azərbaycanın şairi və filosofu İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə məlumat verən diplomat, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan edilməsini Nəsimi irsinin öyrənilməsi baxımından yüksək dəyərləndirib.

Diplomat üç dildə - Azərbaycan, fars və ərəb dillərində mükəmməl əsərlər yaratmış dahi şair İmadəddin Nəsiminin yaradıcılığı və onun irsinin sufi fəlsəfi fikrinin formalaşmasında və istiqamətlənməsində mühüm rolundan bəhs edib.

Oktay Qurbanov bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan xalqının zəngin irsinin Mərakeş ictimaiyyətinə çatdırılması ilə yanaşı, müştərək dini və mənəvi köklərə malik olan xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına təkan verəcəyinə inamını ifadə edib.

İmadəddin Nəsiminin zəngin irsinin Mərakeşdə təbliği olduğunu qeyd edən V Məhəmməd Universitetinin Ədəbiyyat və Humanitar Elmləri Fakültəsinin dekanı, professor Cəmaləddin əl-Hani tədbir əsnasında dinləniləcək elmi məruzələrin dahi şairin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını söyləyib.

Professor Cəmaləddin əl-Hani rəhbərlik etdiyi fakültənin tələbələrinin simpoziumda fəal iştirakını və onların İmadəddin Nəsiminin yaradıcılığına maraqlarını nəzərə alaraq, 2020-ci ildə Azərbaycanın mədəni irsinə həsr olunmuş tədbirlərin keçirilməsini təklif edib.

Simpoziumda V Məhəmməd Universitetinin professorları elmi məruzələrlə çıxış ediblər.

Azərbaycan ilə Mərakeş arasında tarixi, dini, mənəvi bağlılıqların olduğunu qeyd edən professor Münəvvər Bubəkir "İmadəddin Nəsimi – insanlıq dəyərlərinin şairi” mövzusunda məruzəsində böyük və zəngin Azərbaycan ədəbiyyatının bəşəriyyətin yaratdığı mənəvi sərvətlər xəzinəsinə verdiyi töhfədən söz açdı.

Mərakeşli ədəbiyyatşünas, professor Əl-Mutəməd Əl-Xərraz "İmadəddin Nəsimi – üç dildə universal dəyərlər” mövzusunda məruzəsində bildirib ki, zəngin mənəvi irsə malik olan Nəsiminin əsərlərində insan ləyaqətinə, insan qüdrətinə yüksək inam tərənnüm edilir. Böyük şair Nəsimi insana olduqca yüksək dəyər verir, insanı ən ali varlıq hesab edir. Nəsiminin əsərlərində eşq "təbii sevgi"dən "ilahi məhəbbət" səviyyəsinə yüksəlir. Gözəlliyə gəldikdə isə, Nəsimi gözəlliyin yalnız özünü tanımış və dərk etmiş kamil insanlara xas olduğunu, ümumilikdə insanın gözəlliklə və məhəbbət vəhdəti olduğunu vurğulayır.

Öz məruzəsini Nəsimi poeziyasından nümunələrlə müşayiət edən professor şairin əsərlərinin daha çox Azərbaycan dilində yazıldığını qeyd edərək, onların ərəb dilinə tərcümə edilməsinə ehtiyacın olduğunu bildirib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar