Bakı və Moskva şəhərlərinin mədəniyyət müəssisələri arasında yeni əməkdaşlıq körpüsü

Bakı, 26 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Moskva şəhərində bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-dən 23-dək Moskva şəhərinin və vilayətinin bir sıra mədəniyyət müəssisələrində olub, onların rəhbərləri ilə işgüzar görüşlər keçirib. Mədəniyyət mərkəzlərinin və musiqi məktəblərinin, həmçinin uşaq incəsənət məktəblərinin fəaliyyəti ilə dərindən tanış olmaq məqsədilə "Vdoxnoveniye” Mədəniyyət Mərkəzində, A.K.Lyadov adına uşaq musiqi məktəbində, həmçinin Krasnopresneno İncəsənət Məktəbində və digər mədəni-maarif müəssisələrində görüşlər keçirilib.

Dekabrın 20-də nümayəndə heyətinin Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski və Xarici iqtisadi və beynəlxalq əlaqələr üzrə nazir müavini Oleq Şutenko ilə görüşü baş tutub.

Görüşdə ölkə başçılarımız arasında mövcud münasibətlərin yüksək səviyyədə olması, onların cari ildə keçirdikləri görüşlərin intensivliyi, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın bu yaxınlarda Moskva şəhərinə səfəri qeyd edilib. Strateji tərəfdaşlıq kimi xarakterizə olunan bu münasibətlərin mədəni əlaqələrin inkişafına böyük təkan verdiyi bildirilib.

Görüşdə paytaxt şəhərlərin ərazilərində yerləşən mədəniyyət müəssisələrinin inkişafı sahəsində məsələlər müzakirə edilib. Çoxsaylı təmas nöqtələri və cari problemlərin həlli yolları müəyyən edilib, bu müəssisələrin həyat fəaliyyətinin inkişafında yeni tətbiqlərdən istifadə imkanları müzakirə olunub.

Səfər, həmçinin yeni sənəd layihəsinin işlənməsi ilə yadda qalıb, qarşılıqlı razılaşmaya əsasən bu sənədin gələn ilin yanvar ayında, "Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanması gözlənilir. Sənəddə hər iki şəhərin mütəxəssisləri tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq, müəssisələrdə işin təşkili sahəsində təcrübə mübadiləsi öz əksini tapacaq, nəticələr əsasında inkişaf strategiyası işlənib hazırlanacaq. 2020-ci il ərzində konsertlərin, mədəniyyət günlərinin təşkili, həmçinin musiqi məktəblərində müəllimlərin ixtisaslarının artırılması məqsədilə bir sıra ustad dərslərinin keçirilməsi, milli musiqi və milli musiqi alətləri ilə tanışlıq sahəsində qarşılıqlı fəaliyyət nəzərdə tutulub. Musiqi alətlərinin sazlanması və bərpası üzrə iş, musiqi təhsili üzrə ədəbiyyatla tanışlıq, həmçinin kitabxana sahəsində yeni məhsullar üzrə təcrübənin öyrənilməsi və uşaq musiqisi, incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş müştərək layihələr həyata keçiriləcək.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar