Dünya Azərbaycanlılarının Həmrəylik Günü Pekində qeyd edilib

Pekin, 27 dekabr, AZƏRTAC 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Çin Xalq Respublikasında (ÇXR) qeyd olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Pekindəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki oxunub.

Bu bayramın milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirdiyini bildirən səfir Əkrəm Zeynallı deyib ki, soydaşlarımızın həmrəyliyi hazırda özünü daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.

Qeyd olunub ki, qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında xaricdə yaşayan soydaşlarımızın rolunu xeyli gücləndirib. Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artıb.

Səfir Əkrəm Zeynallı deyib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, qazanılan uğurlara sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.

Tədbirdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdəki səmərəli fəaliyyətinə görə bir qrup şəxsə səfirliyin fəxri fərmanları verilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar