İspaniya ictimaiyyəti Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıb

Madrid, 27 dekabr, AZƏRTAC

İspaniyada geniş auditoriyaya malik olan "Radio Inter” kanalının "Dünya xəbərləri” verilişi canlı yayımda Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun müsahibəsini yayımlayıb.

Müsahibə zamanı verilişin aparıcısı, "Grupo Internacional de Medios” informasiya vasitələri şirkətinin prezidenti Karlos Penyalosa Azərbaycanın yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri, xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan-İspaniya diplomatik münasibətlərinin yaranma tarixi, ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də irimiqyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu diqqətə çatdırıb.

2019-cu ilin aprel ayında Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını bildirən səfir demoqrafik göstəricilərin sürətlə artmasının məhz dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, Azərbaycanda iqtisadi inkişaf, sabitlik, səhiyyə və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin, aparılan islahatların nəticəsi olduğunu qeyd edib. O, 2018-ci il üzrə ölkəmizdə ümumi daxili məhsulun, əhalinin hər nəfərinə düşən ÜDM-in artdığını, ölkədə inflyasiya dərəcəsinin minimum həddə olduğunu diqqətə çatdırıb.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi daxildir.

Azərbaycan və İspaniya arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu bildirən Anar Məhərrəmov 2017-ci ildə iki ölkə arasında bu əlaqələrin 25 illiyinin qeyd edildiyini, 2005-ci ildə Madrid şəhərində Azərbaycan səfirliyinin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycan və İspaniyanın beynəlxalq gündəlikdə duran bir çox məsələlərdə, o cümlədən beynəlxalq terrorizm, ekstremizm və separatçılıqla mübarizədə eyni mövqedən çıxış etdiyini məmnunluqla bildirən səfir İspaniya Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyini ifadə etdiyini, eyni zamanda, ölkəmizin İspaniyanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirib.

Azərbaycanla İspaniya arasında siyasi müstəvidə əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir cari ilin 13 iyun tarixində Bakı şəhərində Azərbaycan və İspaniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin bunun təcəssümü olduğunu qeyd edib, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. İspaniyanın "Enegas” şirkətinin TAP layihəsinin səhmdarlarından (16 faiz) biri olduğunu, habelə 2017-ci il dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu və İspaniyanın "Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (layihələndirmə, satınalma və tikinti) müqaviləsinin, habelə 2019-cu ilin may ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" şirkəti arasında Texniki Nəzarət üzrə Məsləhət xidmətlərinin satınalınması ilə bağlı müqavilənin imzalandığını qeyd edən səfir Anar Məhərrəmov bu baxımından iqtisadi əlaqələrin müsbət tendensiya üzrə qurulduğunu bildirib.

Səfir iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin rəmzi kimi Azərbaycan Respublikasının diplomatik xidməti orqanlarının 100 illik yubileyi (1919-2019) münasibətilə ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniya Krallığının Diplomatik Məktəbinin həyətində ağacəkmə aksiyasının baş tutduğunu qeyd edib.

Müsahibə zamanı Anar Məhərrəmov milli mətbəximizin nümunələri, o cümlədən plov, dolma və lavaş barədə məlumat verib.

Müsahibənin sonunda səfir radionun efiri vasitəsilə Milad və Yeni il bayramları ilə bağlı təbriklərini çatdırıb.

Qeyd edək ki, "Radio Inter” radio kanalının "Dünya xəbərləri” verilişi gündəlik həyatda aktual olan beynəlxalq münasibətlər, siyasi və iqtisadi mövzulara həsr olunur. Həftənin bazar ertəsi günləri yayımlanan veriliş İspaniyada geniş dinləyici auditoriyasına malikdir.

[url=http://]http://[/url]

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar