Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokioda qeyd olunub

Tokio, 28 dekabr, AZƏRTAC

Tokioda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan diasporumuzun üzvləri, Yaponiyada ezamiyyətdə olan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışıb, bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin və həmrəyliyin formalaşmasında mühüm rolunu vurğulayıb.

Yola salmaqda olduğumuz 2019-cu ilin doğma Vətənimiz üçün uğurlu olduğunu qeyd edən diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan, enerji strategiyasında, iqtisadiyyatın müxtəlif sahələrindən, o cümlədən sənaye, kənd təsərrüfatı və turizmin inkişafından bəhs edib.

Azərbaycanda mötəbər beynəlxalq idman tədbirlərinin, o cümlədən Formula 1 Azərbaycan Qran-Prisinin, XV Avropa Gənclər Olimpiya Festivalının, UEFA Avropa Liqasının final oyununun və digər yarışların yüksək səviyyədə keçirildiyini bildirən Fərid Talıbov Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu tədbirlərin təşkilinə mühüm töhfə verdiyini qeyd edib, onların ölkəmizi dünyada tanıtmaq baxımından əhəmiyyətini olduğunu vurğulayıb.

Azərbaycan ilə Yaponiya arasında münasibətlərə toxunan F.Talıbov bildirib ki, hazırda iki dost ölkə bir-biri ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Bu əlaqələrin əsasının 1998-ci ilin fevralında ümummilli lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri ilə qoyulduğunu xatırladan diplomat Prezident İlham Əliyevin 2006-cı ilin martında Yaponiyaya rəsmi səfərinin dövlətlərarası münasibətləri yeni mərhələyə qaldırdığını bildirib.

Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu birgə iclasının bu ilin noyabrında Tokio şəhərində baş tutduğunu qeyd edən müvəqqəti işlər vəkili bu tədbir və keçirilən ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyini xatırladıb. Həmçinin vurğulayıb ki, ölkələrimiz arasında siyasi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq son illər daha uğurla inkişaf edir.

Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimiz arasında milli birliyin və həmrəyliyin formalaşmasında əhəmiyyətini vurğulayıb. Yaponiyada yaşayan həmvətənlərimizin Azərbaycanı daha yaxşı tanıtmaq istiqamətində fəaliyyətinin son illərdə xeyli artdığını qeyd edən X.Kələntər qarşıdan gələn "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışları üçün həmyerlilərimizin mühüm dəstək verəcəyinə əmin olduğunu bildirib.

Tədbir ziyafətlə davam edib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar