Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb

Vaşinqton, 23 yanvar, AZƏRTAC

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun saytında ABŞ-ın Corctaun Universitetinin professoru və Xəzər dənizi regionu üzrə ekspert Brenda Şafferin "Türkiyənin energetika sahəsində Qərbə istiqamət götürməsi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Türkiyənin enerji siyasətindən və regiondakı geosiyasi vəziyyətdən, habelə Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın əhəmiyyətli töhfəsindən danışılır.

AZƏRTAC xəbər verir ki, müəllif Türkiyə rəhbərliyinin enerji siyasətindən və bu yaxınlarda "Türk axını” qaz kəmərinin işə salınmasından söz açır. Sonra o, enerji resurslarının Türkiyə bazarına idxalının şaxələndirilməsi məsələsinə toxunaraq yazır: "Ankara özünün enerji təchizatı strukturuna və siyasətinə bir neçə səbəbdən əhəmiyyətli dəyişikliklər edir. Bunlardan biri Transanadolu boru kəməri vasitəsilə Azərbaycanın "Şahdəniz-2” yatağından qaz təchizatının başlanmasından və genişləndirilməsindən sonra Azərbaycandan qaz nəqlinin artırılması imkanıdır”.

Azərbaycan ilə Türkiyə strateji münasibətləri dəstəkləyirlər, Türkiyənin dövlət şirkətləri həm hasilat obyektlərini, həm də Transanadolu boru kəmərinin özünü inkişaf etdirmək üçün "Cənub Qaz Dəhlizi” layihəsinə sərmayə yatırıblar. Ekspert qeyd edir ki, "Şahdəniz” yatağından olan qazın qiyməti də Türkiyə üçün münasibdir. Beləliklə, Azərbaycan Türkiyə üçün ən etibarlı qaz mənbəyi kimi nəzərdən keçirilir və indi bazara daha çox qaz daxil olduqca, Türkiyənin payı da çoxalır.

Məqalənin sonunda deyilir: Azərbaycandan qaz idxalının, eləcə də ABŞ-dan maye qaz idxalının artması Türkiyəyə imkan verir ki, o, qeyri-sabitlik və ya regional münaqişə səbəbindən digər mənbələrdən qaz təchizatında yaranan mümkün pozulmaların öhdəsindən gələ bilsin.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar