Azərbaycanım beynalxalq jurnalının baş redaktoru Emil Nasirlinin musahibələri (Yaponiya)

 

 

1. Sual: Salam, hörmətli səfir. Azərbaycan Yaponiya ilə uzun müddətli iqtisadi, mədəni və dostluq əlaqələrin inkişafında maraqlıdır. Bizim münasibətlərin möhkəmlənməsində artıq hansı addımlar atılmışdır və yaxın zamanda hansı addımlar atılmalıdır.

Cavab: 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri, iki ölkə arasındakı münasibətlər çox əlverişli şəkildə inkişaf edir. İki ölkə arasında siyasi cəhətdən narahatçılığa səbəb ola biləcək problem mövcud deyil. Keçən ilin aprel ayında Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyaya rəsmi səfər etmiş, may ayında Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak etmək üçün Yaponiyanın Baş Nazirinin müavini Aso Taro Azərbaycana səfər etmiş, avqust ayında Baş nazirin müavini Əli Həsənov Yaponiyaya səfər etmiş, oktyabr ayında Yaponiya İqtisadiyyatının Dirçəldirilməsi Naziri Akira Amari (Yaponiya-Azərbaycan Parlamentlər arası Dostluq Liqasının sədri) Azərbaycana səfər etmiş, yüksək rütbəli məmurların qarşılıqlı səfərləri baxımından tarixi bir il olmuşdur. Gələcəkdə mövcud əlverişli əlaqələri daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yüksək səviyyəli səfərlər daxil olmaqla müxtəlif səviyyələrdə mübadilələri intensivləşdirməyi vacib hesab edirəm.

Həmçinin, indiyə qədər Yaponiya höküməti geosiyasi baxımdan vacib hesab etdiyi Qafqaz ərazisində stabilliyin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olduğunu hesab etməklə, Rəsmi İnkişaf Yardımı (RİY) proqramı çərçivəsində Azərbaycana ümumilikdə 1,1 milyard ABŞ dollardan yuxarı inkişaf üçün dəstək göstərmişdi. Yaponiya-Azərbaycan münasibətləri iqtisadi sahədə də davamlı olaraq möhkəmlənməkdədir. Bu onu göstərir ki, Azərbaycanın stabilliyini və Azərbaycanın geosiyasi vacibliyini tanıyan investorların, yəni yapon şirkətlərinin Azərbaycanda reallaşan iqtisadi layihələrdə iştirakları məmnunluq doğuran istiqamətdə inkişaf edir.

Azəri-Çıraq-Günəşli yatağının istismarında və Bakı-Tbilisi-Ceyhan neft borularının salınmasında yapon şirkətlərinin iştirakı bunun göstəricisidir.

Bir tərəfdən, son zamanlar enerji sahəsindən savayı başqa sahələrə də maraq göstərən yapon şirkətləri artmaqdadır. Azərbaycan höküməti iqtisadiyyatın diversifikasiyası məqsədinə nail olarsa, o zaman bizim qarşımızda iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək kimi perspektivlər açılacaq. Yaponiya şirkətləri polad sənayesi, neft-qaz və kimya sənayesi, İKT sahəsinə maraq göstərirlər. İnvestisiyalara gəldikdə isə Yaponiya höküməti "Yaponiyaya investisiya yatır” adlı layihəni irəli sürür. Yaxın gələcəkdə Azərbaycanında Yaponiyaya investisiyalarını artıracağını gözləyirik.

2013-cü ilin noyabr ayında İsmayıllı rayonu və Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri dostluq mubadiləsi üzrə razılaşma bağlamış və yerli sakinlər arasında qarşılıqlı səfərlər və mədəniyyət mübadilələri həyata keçirilir. Gələcəkdə iki ölkənin rayonları arasında mübadilələrin daha da irəliləyişini nəzədə tutaraq iki ölkə arasında münasibətlərin daha da çoxşahəli xarakter almasını ümid edirik.

 

 

 

2. Sual: Yaponiyanın Dağlığ Qarabağ münaqişəsinə dair mövqeyi nədən ibarətdir?

Cavab: Yaponiya hökuməti indiyə qədər qəbul olunan bütün razılaşmaları, qətnamələri, eləcə də beynəlxalq hüquqa əsaslanaraq problemin sülh yolu ilə həll edilməsini, bunun üçün ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyib.

Ərazi probleminin həll edilməsi asan məsələ deyil, bəzən böyük səbr və vaxtın tələb olunduğunu reallıq olaraq qeyd etməli və inadla məşğul olmağın vacib olduğunu hesab edirəm. İlk növbədə sülh yolu ilə məsələnin həlli vacibdir, silah yolu ilə məsələni həll etmək niyyətinin faciəvi nəticələri çox saylı tarixi faktların göstərdiyi kimidir. Həmçinin, ərazi problemini həll etmək üçün qarşılıqlı etimad münasibətləri də vacibdir.

Digər tərəfdən, 20 ildən artıq müddətdə həll olunmamış Dağlıq Qarabağ problemi ciddi fəsadlara gətirib çıxarıb və çox sayda qaçqınların ağır vəziyyəti bunlardan biridir. Bu cür insanlara bir az da olsa dəstək olmağa çalışan Yaponiyanın Fuci Meqane şirkəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə əməkdaşlıq edərək 10 ildən artıqdır ki, məcburi köçkünlərin görmə qabiliyyətinə dəstək missiyasını davam etdirir. Eyni zamanda, səfirlik öz növbəsində "Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı vasitəsilə məcburi köçkünlərə dəstək olmağa çalışır.

3. Sual: Azərbaycanı bəyəndinizmi?Burada olduğunuz müddətdə ən çox bəyəndiyiniz nə olub? Sizcə bizim millətlər arasında əsas oxşar cəhət hansıdır?

Cavab: Bildiyiniz kimi, azərbaycanlılar başda olmaqla türk xalqları Altay dağlarında məskun salmış köcəri tayfaları öz əcdadları hesab edirlər. Yaponların kökünə gəldikdə isə bir neçə nəzəriyyə mövcüddur ki, bunlardan birinə əsasən gitədən dənizi keçib, hal-hazırki Yaponiya torpağında məskunlaşan insanlar yaponların əcdadları hesab olunur. Bu isə öz növbəsində, yaponlar ilə azərbaycanlıların kökü son dərəcədə yaxın olduğunu bildirir.

Əvvəllər bəlkə də eyni torpaqda köçəri həyat tərzi sürən iki millətdən biri qərbə, o biri isə şərqə irəliləyərək uzun tarix boyunca xarici təsir altında özünəməxsus mədəniyyət formalaşdırmışdır. Ona görə ilk baxışdan elə gəlir ki iki ölkənin mədəniyyəti arasında oxşar cəhətlər yoxdur.

Lakin, iki ölkə arasında köçəri tayfalar zamanından indiyə kimi heç bir xarici təsir altında dəyişməyən ortaq bir varlığın qaldığını düşünürəm. Bu, qonağpərvərlik ruhu, böyüklərə hörmət, ailəyə bağlılıqdır. Bunun üçün mən, Azərbaycanda fərqli mədəniyyət mühitində yaşadığıma baxmayaraq, rahat həyat tərzi sürə bilirəm və azərbaycanlılar ilə ünsiyyətdə özümə yaxın nə isə hiss edirəm.

Həmçinin, Azərbaycanın ən böyük və müsbət cəhətlərindən biri kimi digər mədəniyyət və dinə olan torelantlıq hissi göstərilir və bu cəhət Yaponiyada da eynidir. Məsələn, ilin sonunda Milad bayramını qeyd etdikdən sonra yeni ili qarşılamaq üçün buddist və Yaponiyanın ənənəvi sintoist məbədlərinə ziyarət misallardan biridir, eyni zamanda müsəlmanlar da Yaponiyada tam rahat yaşayır.

Bu il "Multikulturalizm ili”elan olunmuşdur, hal-hazırda dünyada mədəniyyət və din fərqliliyi əsasında ciddi qarşıdurmalar yaşandığı bir anda düşünürəm ki Yaponiya və Azərbaycan multikuturalizm və tolerantlıq ruhunu dünyada genişləndirmək kimi ortaq bir missiya üzərində çalışır.

4. Sual: Bizim jurnalın prioriteti xaricdə olan Azərbaycan diasporaları ilə əlaqə və həmvətənlərimizin xaricdəki fəaliyyətidir. Yaponiyadakı Azərbaycan diasporası haqqında eşitmisiniz mi, və yaxud ola bilsin ki kimsə həmvətənlərimizdən sizin ölkədə tanınmışdır

Cavab: Diaspora dedikdə, vətənini tərk edib neçə nəsillər boyu xaricdə yaşayan insanlar gözümün önündə durur, odur ki icazəniz ilə uzun müddət xaricdə yaşayan insanlar kəlməsini istifadə edəcəyəm. Yaponiyada tədqiqat işi ilə məşqul olub, uzun müddət orada yaşayan azərbaycanlılar, və yaxud təhsilini bitirib Yaponiyada çalışan azərbaycanlılar haqqında xəbərdaram.

Azərbaycanın Yaponiyadakı səfiri cənab Gürsel İsmayılzadə Yaponiya universitetində maqistr pilləsində təhsil almış, həmçinin gözəl yapon dili biliyinə malikdir. Artıq uzun illərdir ki Yaponiyada çalışıb, səfir olaraq aktiv fəaliyyət ilə məşğul olduğu üçün Yaponiyada ən çox tanınan, uzun müddət orada yaşayan azərbaycanlı kimi səfir Gürsel İsmayılzadənin adını qeyd etmək olar.

Hal-hazırda Yaponiyada uzun müddət yaşayan azərbaycanlıların sayı 70 nəfərdir və bu aşağı göstəricidir, gələcəkdə iki ölkə arasında mübadilələr dərinləşdikcə insanların sayı artmaqla bərabər Yaponiyada da yaxşı tanınan azərbaycanlılara daha da tez-tez rast gələcəcəyimi səbirsizliklə gözləyirəm.

Bu baxımdan məni sevindirən hallardan biri odur ki, Azərbaycanda yapon dilini tədris edən insanların sayı və səviyyəsi il-ildən artmaqdadır. Bakı Dövlət Universitetində Azərbaycanda ilk olaraq yapon dili şöbəsi 15 il bundan öncə təsis olunmuşdur, lakin yapon dili və yapon mədəniyyətinin tədqiqatı tarixi burada hələ gəncdir. 2012-ci ildə Azərbaycan Xarici Dillər Universitetində də yapon dili şöbəsi açılmışdır, hətta son zamanlar yapon dili ixtisası olmayan gənclər arasında fərdi şəkildə yapon dilini oxuyub yüksək bilik səviyyəsinə malik olan şəxslər təəcübləndirir və əminəm ki bu cür gənclər iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcəklər. Yaponiya höküməti həvəsli və bacarıqlı gəncləri dəstəklədiyi üçün dövlət təqaüdlərini tədbiq edərək tələbələri Yaponiya Fondu tərəfindən təşkil olunan təlimlərə yollayaraq, diqər tədbirlər həyata keçirir. Həmçinin, Yaponiya tərəfi də Azərbaycan haqqında tədqiqat işi aparan mütəxəssisləri yetişdirir və bundan başqa Yaponiya universitetlərində də Azərbaycan universitetləri ilə mübadilə və əməkdaşlığa həvəsli şəkildə addımlar atılır.

5. Sual: Hörmətli səfir, son olaraq sizdən bizim ölkəyə və jurnala arzularınızı eşitmək istərdik

Cavab: Mövcud dostluq əlaqələrini daha da dərinləşdirmək üçün iki dövlətin bir-birini yaxından tanımasına ehtiyac vardır. Son zamanlar Yaponiyada da Azərbaycan haqqında xüsusi reportajlar yayımlayan televiziya verilişləri nümayiş olunur, Azərbaycana olan maraq və bilik yavaş-yavaş artır, lakin yenədə arzu olunan səviyyədə deyil

Eyni cür də azərbaycanlıların Yaponiya haqqında geniş biliyə malik olduğunu demək olmaz. 2020-ci ildə Tokioda Olimpik və Paraolimpik oyunlar keçiriləcək, və hər birinizi mütləq Yaponiyaya səfər edib, bilavasitə öz gözünüz ilə Yaponiyanı görüb, Yaponiya mədəniyyəti ilə tanış olub, yaponlar ilə tanış olmağa dəvət edirəm.

Biz, Azərbaycanın xüsusiyyətlərini və yaxşı tərəflərini tanıyanlar, iki ölkə arasında körpü rolunda çıxış edərək, indiyə qədər qurulmuş dostluq münasibətlərini daha da inkişaf etdirib, əlimizdən gələni etmək niyyətindəyik.

(Son)


 

 


Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar