Ukraynanın Truskavets şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

"Azərbaycanım” beynəlxalq jurnalı redaksiyasının və "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının birgə təşəbbüsü ilə həyata keçirilən sərgi Ukraynanın Truskavets şəhər meriyasının dəstəyi ilə təşkil edilib. Sərgidə şəhər ictimaiyyəti, orta və ali məktəblərin müəllim kollektivi, tələbələr, şagirdlər və digər ziyalılar iştirak ediblər.

Tədbirdə "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. E. Nəsirli bu günədək Xocalı soyqırımını törətmiş şəxslərin nəinki qanun qarşısında layiqli cəzalarını almadıqlarını, hətta onların Ermənistan hökumətində yüksək vəzifələrdə təmsil olunduqlarından təəssüfləndiyini bildirib. "Biz istəyirik dünya ictimaiyyəti Xocalı soyqırımı barədə həqiqətləri bilsin və Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsində, Azərbaycan torpaqlarının işğal olunmasında birbaşa iştirak etmiş, hazırda Ermənistan hökumətində rəhbər vəzifə tutan şəxslərin iç üzünü tanısın. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Bu cinayət cəzasız qalmamalıdır və Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir” – deyən E. Nəsirli onu da bildirib ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı qətliamına əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər.

Baş redaktor deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 1 milyondan çox qaçqın və məcburi köçkün ata-baba torpaqlarından didərgin düşüb. Xocalı faciəsi barədə qanlı statistikanı sərgi iştirakçılarının nəzərinə çatdıran E. Nəsirli bildirib ki, bu soyqırımı Azərbaycan xalqına qarşı yönəlmiş misli görünməmiş vəhşilikdir.

Emil Nəsirli onu da qeyd edib ki, 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” kampaniyası təsis edilib, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilib. Artıq 8 ildir ki, Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib. Qeyd olunub ki, Leyla xanım Əliyevanın rəhbərliyi altında keçirilən "Xocalıya ədalət” kampaniyasının nəticələri göz qabağındadır. Dünyanın bir neçə ölkəsi artıq Xocalı faciəsini soyqırımı aktı kimi tanıyır.  Sonda bu fəaliyyətinə görə Leyla Əliyevaya təşəkkürünü bildirən natiq dünyanın gec-tez Xocalının və xocalıların hayqıran səsinin eşidəcəyinə əminliyini ifadə edərək sərgi iştirakçılarına göstərdikləri diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən "Ukrayna-Azərbaycan” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov 25 il əvvəl baş vermiş bu dəhşətli faciəni Azərbaycan xalqının böyük ürək ağrısı ilə xatırladığını qeyd edib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımının insanlığın tarixində qara ləkə kimi qalacağnı vurğulayan alyans rəhbəri deyib ki, tarix boyu həyata keçirmək istədikləri məkrli siyasətin davamı kimi "Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının--işğalçı sovet ordusunun köməyi ilə böyük işgəncələrlə 250 min azərbaycanlını Ermənistandakı, 15 mindən çox azərbaycanlını isə Xankəndidəki tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər. Bu qətliamı törədənlərin gec-tez layiqli cəzalarını alacaqlarına əminliyini bildirən E. Məmmədov dünyada daim sülhü, sabitliyi və tolerantlığı təbliğ edən Azərbaycan dövlətinin Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli iş apardığını diqqətə çatdırıb. Qeyd olunub ki,  son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın keçmiş Sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb. Çıxışının sonunda Xocalı soyqırımının acı həqiqətlərinin dünyada tanıdılması istiqamətində qazanılan uğurlara görə Elmar Məmmədov ölkə Prezidenti İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb və dövlət başçısına Azərbaycanın Ukraynadakı diasporu adından minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Truskavets şəhərinin ziyalıları iki ölkə arasında sıx münasibətlərin mövcudluğunu bildirib və qeyd ediblər ki,  Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Çıxışlarında hamılıqla və birmənalı şəkildə erməni vəhşiliyini pisləyən ukraynalı ziyalılar və ictimaiyyət üzvləri sərgidə yer alan hər bir fotəşəkilə diqqətlə və ehtiramla baxdıqlarını bildirib, ermənilərin törətdiyi əməlləri "bəşər tarixinin ən böyük soyqırımlarından biri” "vəhşilik”, "barbarlıq”, "bəşəri cinayət”, "insanlığa üz qarası”, "əsrin xəcaləti” və bu kimi kəskin ifadələrlə qiymətləndiriblər. Hiddətlərini açıq şəkildə ifadə edən ziyalılar bəşər tarixinin bu qara ləkəsini təmizləmək üçün beynəlxaq ictimaiyyətin erməniləri layiqincə cəzalandırmasının zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli və "Ukrayna-Azərbaycan” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş sərginin təşkil edilməsində göstərdiyi dəstəyə görə Truskavets şəhərinin meri Andrey Kulçinskiyə öz minnətdarlıqlarını bildirib.

"Xalq qəzeti”

Xəbərin retinqi: 
Şərh əlavə et

Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar